“Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən üçüncü yarış – “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalı başa çatıb.
Bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Onlar qalibləri təbrik edərək növbəti yarışlarda uğurlar arzulayıblar.
Doqquz turdan ibarət A turnirində 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjugirov bütün rəqiblərini geridə qoyaraq “Lankaran Open 2026” turnirinin qalibi olub. Eyni xala malik Hindistan şahmatçısı Mayank Çakraborti ikinci yeri tutub. Azərbaycan təmsilçisi Şiroğlan Talıbov isə 6,5 xalla üçüncü yeri qazanıb. A qrupunda ən yaxşı qadın şahmatçı adına Hindistan təmsilçisi Cera Dagariya layiq görülüb.
B turnirinin qalibi İsmayıl Məmmədli olub. Vüsal Əhmədov və Nihad Eynullayev müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində Hindistan təmsilçisi Mayank Çakraborti, blits yarışında isə İran şahmatçısı Ramtin Kakavand qalib olub.
Qeyd edək ki, “Lankaran Open 2026” Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin üçüncü turniri olub.
